Dekabrın 3-ü günün ikinci yarısından dekabrın 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.