Azərbaycanın baş prokuroru Zakir Qaralovla sabiq prokuror Tofiq Ağacanov arasında Bakı Apellyasiya Məhkəməsində başlayan proses təxirə salınıb. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynov noyabrın 28-dəki prosesi dekabrın 12-ə təxirə salıb. Xatırladaq ki, Zakir Qaralovun məhkəməyə verilməsi, onun 01 iyun 2009-cu il tarixli əmri ilə bağlıdır. Tofiq Ağacanov işdən azad olunmasını əks etdirən bu əmrin ləğv edilməsi və məhkəmə gününə qədər ötən dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini tələb edir: ?Zakir Qaralovun qeyd edilən əmrinin ləğv edilməsi üçün Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov 3 ildir mübarizə aparır. Onun, Baş Prokurorluğu, konkret Zakir Qaralovu məhkəməyə verərək, 01 iyun 2009-cu il tarixli əmrin qanunsuz hesab edilməsindən bəhs edən iddiası 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində təmin olunmayıb?. Sonda onu da qeyd edək ki, Tofiq Ağacanov Dövlət neft Akademiyasında terror törətməkdə ittiham edilmiş Fərda Qədirovun cinayət işi üzrə 1 iyun 2009-cu il tarixində vəzifəsindən azad edilib. Baş prokuror Zakir Qaralov onu Fərda Qədirovla qohum olmaqda və bu iş üzrə istintaqa kömək etməməkdə ittiham edərək, prokurorluq orqanlarından xaric edən əmri imzalayıb.