Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov icarə müqaviləsinin müddətinin bitməsinə az qalmış Qəbələ RLS-in sonrakı aqibəti ilə bağlı məsələyə münasibət bildirib. Adminstrasiya rəsmisi hazırda Rusiya ilə aparılan danışıqların gedişi və müzakirə olunan məsələlər barədə danışıb. "Bu müqavilənin gələcək statusu və neçə illiyə uzadılması, icarə haqqı, bu stansiyanın ətraf aləmə verdiyi ziyanın kompensasiya edilməsi, bu stansiyadan istifadənin Azərbaycanın dünya və region ölkələri ilə münasibətlərinə təsiri - bütün bu məsələlər kompleks şəkildə araşdırılır. Danışıqlar gedir. Azərbaycanın Nazirlər Kabineti, Müdafiə Nazirliyi Rusiya tərəfindən müvafiq qurumlarla danışıqlar aparır. Danışıqların nəticəsinin necə olmasından asılı olmayaraq biz Rusiya ilə münasibətlərimizi bundan sonra da strateji tərəfdaşlıq istiqamətində davam etməsində maraqlıyıq və bunu da davam etdirəcəyik".