ADP İdarə Heyəti Nazirlər Kabinetinin siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə dair qərarı ilə əlaqədar bəyanat qəbul edib. Mia.az-a göndərilən bəyanatın surətində deyilir: ?ADP İdarə Heyəti siyasi partiyaların 2013-cü il dövlət büdcəsindən maliyyələşməsinə dair Nazirlər Kabinetinin qərarını ədalətsiz, siyasi partiyalar arasında qeyri bərabərliyi və ölkədə siyasi böhranı daha da dərinləşdirən addım kimi qiymətləndirir, mövcud parlamentin saxtakarlıq və korrupsiya ilə formalaşdırıldığını nəzərə alaraq orada təmsilçiliyin norma kimi götürülməsini qəbuledilməz hesab edir. . Ölkənin aparıcı müxalifət partiyalarının, indiyədək keçirilmiş seçkilərdə mövcud iqtidara qarşı real alternativ kimi çıxış edən siyasi qüvvələrin dövlət maliyyələşməsindən kənarda saxlanmasını qətiyyətlə pisləyən İdarə Heyəti məlum qərarı dövlət vəsaitlərinin hakimiyyətdə olan qruplar tərəfindən mənimsənilməsinə yeni cəhd hesab edir. ADP İdarə Heyəti bir daha bildirir ki, nəzərdə tutulan vəsaitin həddindən artıq azlığı, habelə onun saxtakarlıqla bölüşdürülməsini özündə əks etdirən Azərbaycan hökumətinin məlum qərarı ölkədə nəinki siyasi institutların inkişafına səbəb olmayacaq, əksinə ölkədəki siyasi bərabərsizliyi, konfliktləri və gərginlikləri daha da artıracaqdır?.