Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun Yasamal Rayon Məhkəməsinin hakimi Elçin Qurbanovun qərarı ilə ?Azadlıq? qəzetindən udduğu 30 min manat vəsaitlə bağlı Bakı Apellyasiya Məhkəməsində qəzetin verdiyi apellyasiya şikayətinə start verilir. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, Tağı Əhmədovun iddiası üzrə 30 min cərimə ödənilməsi və təkzib verilməsi ilə cəzalandırılan "Azadlıq" qəzetinin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə baxılacaq: ?Hakim iş üzrə prosesə sentyabrın 12?də start verəcək?. Xatırladaq ki, T.Əhmədov "Azadlıq"da metrodakı gedişhaqları ilə bağlı dərc olunmuş yazıdan narazı qalıb. Həmin yazıda 5 qəpiklərin taleyindən söz açılmasi Metropoliten rəisini qıcıqlandırıb. Buna görə, o, şərəf-ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetdən təkzib və mənəvi zərərə görə 200 min manat təzminat tələb edirdi. Xəbərin maraqlı tərəflərindən biri də odur ki, Tağı Əhmədovun özünün də Yasamal Rayon Məhkəməsinin qərarından razı qalmadığı iddia olunur. Görünür, Metropoliten rəisi çətin anlar yaşayan qəzetdən 200 min manat almaq niyyətində qəti olmaqla, "Azadlıq"ın bağlanmasına nail olmaq istəyir.