Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 7-də hava şəraiti əsasən günəşli keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.