İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcək. Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoyub. Dövləti başçısı mərasimdə çıxış edib. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan Şəhər bir nömrəli lisey-məktəbin müəlliməsi Aynurə Rzayeva, Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.