Ədliyyə Nazirliyi Penitensiar xidməti Qobustan həbsxanasının 2 əməkdaşının yol qəzasına düşərək ölməsi barədə məlumat yayıb. MİA-nın xidmətin rəsmi saytına istinadla verdiyi məlumata görə, Qobustan qəsəbəsində yerləşən həbsxananın baş nəzarətçisi vəzifəsində çalışan ədliyyə baş giziri Fərzəliyev Becan Rəsul oğlu və Penitensiar xidmətin Mühafizə alayının 15-ci atıcı bölüyünün qarovul rəisi vəzifəsində çalışan ədliyyə baş çavuşu Rzayev Şirzad Yasər oğlu iyulun 9-da xidmətdən sonra yaşadıqları ünvana gedərkən saat 19.00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində avtomobil qəzasına düşərək vəfat ediblər. Hadisə R.B.Fərzəliyevin idarə etdiyi 10 MN 443 dövlət nömrə nişanlı ?QAZ-3110? markalı şəxsi avtomobilinin KamAZ markalı yük maşını ilə toqquşması nəticəsində baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.