Evinin damına ?Mərkəz, uşaq bağçalarını məsum körpələrə qaytar!? şüarı vuraraq aclıq aksiyası keçirən AXSP üzvü, keçmiş siyasi məhbus Musa Rahimə qarşı təzyiqlər başlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, bir neçə gün əvvəl İmişli Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Raqub Kazımov tərəfindən M.Rahimə əcaib bir çağırış vərəqi daxil olub. Çağırışda ?Barənizdə olan materiala bağlı İmişli Polis Şöbəsinə gəlmənizi xahiş edirəm. Əks təqdirdə iddianız təmin olunmayacaq? sözləri yazılıb. Musa Rahim isə mia.az-ın əməkdaşına deyib ki, o, rayon Polis Şöbəsinə hər hansı bir şikayət və iddia verməyib: ?Vallah, deyəsən onlar başlarını itirib. Raqub Kazımova deyən gərək ki, nə vaxt İmişli polisinə müraciət edib, xahiş etmişəm ki, mənim iddiamı təmin edin? Mən, sadəcə evimə polis tərəfindən edilən qanunsuz basqın və digər hadisələrlə bağlı Respublikanın Baş Prokurorluğuna şikayət etmişəm. İndi birdən-birə rayon polis şöbəsindən belə bir əcaib çağırış almağım məni də xeyli təəccübləndirib?. Sonda isə keçmiş məhbus yenidən həbs ediləcəyi yöndə olan ehtimalları istisna etməyib: ?Bilirsiniz, mənə zor tətbiq edən polkovnik-leytenant Sahib Səmədov bu yaxınlarda Imişlinin icra başçısının iqtisadi məsələlər üzrə müavini vəzifəsindən uzaqlaşdırılan işadamı Saleh Səmədovun qardaşıdır. Bundan əlavə, təcili yardım aldığım xəsarətləri qeydə alsa da, tibbi-ekspert rəy verməkdən imtina edir. Bu və ya digər faktları, təzyiqləri nəzərə aldıqda, yenidən həbs ediləcəyimi istisna etmirəm?.