Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi rayon icra hakimiyyətinə icra başçısı vəzifəsinə təyin edilən Xaləddin Şahmar oğlu İsgəndərov bu gün saat 11.00-da Rayon İcra hakimiyyətinin aparat əməkdaşlarına təqdim olunub. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, yeni başçı kollektivə Prezident Administrasiyasının rayon üzrə kurator tərəfindən təqdim olunub. Bu dəqiqələrdə təqdimat mərasimi davam edir. Məlumatda o da bildirilir ki, yeni başçı Xaləddin İsgəndərov Binəqədi rayonu üçün yeni kadr deyil. O, sözügedən rayonun sabiq icra başçısı Hüseyn Hüseynovun dövründə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin Binəqədi rayonu üzrə kuratoru işləyib. Bu vəzifədən Vergilər Nazirliyinə gedib. Əslən Goranboy rayonundan olan X.İsgəndərov, eyni zamanda, vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.