Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Parlamentdən bildirilib ki, növbəti plenar iclas gələn həftə, dekabrın 6-da olacaq. Iclasda Azərbaycan Respublikasının 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Müzakirəyə çıxarılacaq sənədlərdən 4-ü büdcə zərfinə daxildir. Bunlar ?Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında?, ?Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında?, ?Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında?, ?Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında? qanun layihələridir. Bundan başqa, deputatlar dekabrın 6-da Milli Məclisin xərclər smetasını, Hesablama Palatasının smetasını, Vergilər Məcələsinə dəyişikliklə bağlı sənədi də müzakirəyə çıxaracaqlar. Xatırladaq ki, parlamentin sonuncu iclasında Milli Məclis hökumətə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt vermişdi. Budəfəki iclasda hökumət nümayəndələrinin deputatların təkliflərinə münasibət bildirəcəyi və büdcə zərfinin təsdiqlənəcəyi gözlənilir.