İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.
Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb.
Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.
Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Məsələ ilə bağlı Prezidentin yaratdığı Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov Modern.az-a açıqlama verib.
Xatırladaq ki, "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:
Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Energetika naziri Pərviz Şahbazov
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Baş prokuror Zakir Qaralov
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev
"Azərişıq” ASC-nin sədri Baba Rzayev
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Fizika İnstitutunun direktoru Nazim Məmmədov