Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avstriya Respublikasının prezidenti Haynts Fişeri hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb. Milli geyimli uşaqlar Avstriya Respublikasının Federal prezidentinə və xanımı Margit Fişerə gül dəstəsi təqdim edib. Hava limanının ali qonaqlar üçün salonunda prezident Haynts Fişer və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.