Prezident İlham Əliyev Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.