ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov iyulun 4-də Vyanada ATƏT-in yeni baş katibi Lamberto Zannyer və Minsk Qrupunun üzvləri ilə görüşüblər. Bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Məlumata görə, həmsədrlər baş katibi və Minsk Qrupunu Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü barədə məlumatlandırıblar və baza prinsiplərinin razılaşdırılması üçün vacib olan addımları müzakirə ediblər. Bəyanatda qeyd olunub ki, Kazanda əsas prinsiplərə dair yekun razılıq əldə edilməsə də, görüşdə tərəqqiyə nail olunub. "Görüşdən sonra tərəflər baza prinsipləri üzrə mümkün qədər tez razılığa gəlmək üçün danışıqlara davam edəcəklərini təsdiqləyiblər. Mövcud fikir ayrılıqları tərəflərin baza prinsiplərini qəbul etməsinə və sülh müqaviləsinin hazırlanması fazasına keçməsinə əngəl olmamalıdır. Prezidentlər D. Medvedev, N. Sarkozi və B. Obamanın Dovil bəyanatında bildirildiyi kimi, prosesin ləngidilməsi tərəflərin razılığa gəlmə istəklərini şübhə altında qoya bilər?. Qeyd edək ki, həmsədrlərin yaxın vaxtlarda regiona səfər etməsi planlaşdırılır.