Prezident İlham Əliyev bu gün İtaliyanın paytaxtı Romada ölkənin birləşdirilməsinin 150 illiyinə həsr olunmuş paradı izləyib. Paradda Azərbaycan hərbçiləri də hərbi keçid edib. Hərbi paradda zabitlərimiz bayrağımızla keçid ediblər. İtaliya prezidenti Corco Napolitanonun mərasim yerinə gəlişindən sonra bu ölkənin himni səsləndirilib və parada rəsmən start verilib. Təntənəli marşda 5 mindən çox hərbçi, 200-dək texnika, 9 təyyarə iştirak edib. İtaliya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri səmada ölkənin üç rəngli bayrağının rəmzi kimi yaşıl, ağ, qırmızı zolaq yaradıblar. Tribunaların qarşısından isə təkcə italyanlar deyil, həmçinin xüsusi dəvətlə Romaya gəlmiş xarici hərbi dəstələr də keçib. Romanın mərkəzindəki Venesiya meydanındakı nüfuzlu tribunalarda İtaliya rəsmiləri ilə yanaşı, 68 ölkə başçısı, həmçinin beynəlxalq və regional təşkilatların nümayəndələri, BMT və Ərəb Ölkələri Liqasının baş katibləri əyləşib. Respublika günü ilə əlaqədar Romada təhlükəsizlik tədbirləri gücləndirilib. İtaliya paytaxtının mərkəzində təhlükəsizliyin təminatına 2500-dək polis əməkdaşı və hərbçi cəlb olunub.