Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və Palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşüb. Xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayının 29-da keçirilən görüş Parlament Televiziyası vasitəsi ilə canlı yayımlanıb. Parlamentlərarası dostluq qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsini və münaqişənin nizamlanması zamanı Azərbaycanın suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmətlə yanaşmanın zəruriliyini vurğulayıblar. Elə həmin gün, nazir E.Məmmədyarov Meksika Senatının dəvəti ilə Senatorlarla birgə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda dəyirmi masa görüşündə iştirak edib. Görüş zamanı, iki ölkə arasında təhsil və mədəniyyət, ticarət, iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, xüsusən enerji sektorunda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra, nazir E.Məmmədyarov Senatın Fəxri Qonaqlar Kitabına öz ürək sözlərini əlavə edib. Martın 29-da nazir E.Məmmədyarovun Meksikaya rəsmi səfəri başa çatıb.