Azərbaycanın Masallı rayonunda Telekommunikasiya Qovşağında fevralın 7-də baş vermiş partlayış nəticəsində həlak olan və yaralanan şəxslərin ailələrinə dövlət başçısının tapşırığı ilə birdəfəlik yardımlar ayrılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Nazirlik tərəfindən həlak olan şəxslərin ailələrinə 5 min manat, xəstəxanada müalicə olunanlara 2 min manat, xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılan şəxslərə isə 1 min manat olmaqla birdəfəlik yardım göstərilib və dəfnin təşkili üçün həlak olan şəxslərin hər birinin ailəsinə 2 min manat, ağır xəsarət alıb tibbi müalicə alanların hər birinə 1 min manat, xəstəxanadan evə buraxılan şəxslərə isə 500 manat əlavə vəsait ayrılıb. Bununla yanaşı bildirilir ki, rayonda telefon rabitəsinin bərpası məqsədilə hazırda hadisə yerində nazirliyin böyük işçi qrupu çalışır. ?Artıq beynəlxalq və mobil rabitə xidmətləri tam işlək vəziyyətdədir. Bu günün sonuna müəssisə və təşkilatlarda, eləcə də rayonun bütün kəndlərində, 5 gün müddətində isə bütün rayon ərazisində rabitənin bərpası təmin olunacaq?, - deyə Nazirlikdən vurğulayıblar.