Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin, ?Bakıelektrikşəbəkə? ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışlarında iştirak edib. Dövlət başçısı əvvəlcə Xəzər rayonunda avtomobillərin və piyadaların sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib. Sonra prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Zuğulba qəsəbəsi avtomobil yolunda tikilmiş Binə yol qovşağının açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb. Dövlət başçısı Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi-Zuğulba yolunun 1,6-cı kilometrliyində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib. Daha sonra İlham Əliyev ?Bakıelektrikşəbəkə? ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışında da iştirak edib.