Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri imzalanıb. Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və İranın neft sənayesi naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud Mirkazimi imzalayıb. "Bu, 5 illik müqavilədir. Bu müqaviləyə görə hələlik 1 ildə 1 milyard kubmetr qaz verilməsi nəzərdə tutulub. Növbəti illərdə bu həcm artacaq. Fevralın 1-dən qaz nəql olunmağa başlayacaq", deyə R. Abdullayev jurnalistlərə açıqlamasında bildirib. ARDNŞ prezidenti əlavə edib ki, İrana ixrac olunan qazın qiyməti Azərbaycanın Türkiyəyə və Rusiyaya satdığı qazın qiymətindən aşağı deyil.