Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 92 %-i uğurlu nəticələr əldə edib. İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.