Dekabrın 17-i saat 21.30 radələrində Azərbaycanın Tərtər rayonunun Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusundan atılan reaktiv qəlpəli fuqas mərmisi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə müraciət edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə ondan hadisənin araşdırılması üçün səy göstərməsi xahiş olunur. Məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tiflis şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib. ?Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub və mərminin həqiqətən erməni mövqelərindən atıldığı təkzib olunmaz faktlarla onun nəzərinə çatdırılıb. Müdafiə Nazirliyi cəbhədə ciddi gərginliyə səbəb olan bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcək?, - deyə mətbuat xidmətinin məlumatında bildirilir. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilərin mərmi atdığı Tərtərin cəbhə xəttindəki Borsunlu kəndində araşdırma aparan ATƏT nümayəndəsi döyüş sursatına aid qəlpələrin şəklini çəkib və sakinlərlə söhbət edib. Xatırladaq ki, Tərtər rayonunun Borsunlu kəndinə dekabr ayının 17-də rayonun işğal altındakı Borsunlu kəndi ərazisindən ağır artilleriya qurğusuna aid mərmi atılıb. Mərmi təmas xəttinin təqribən 4 km gerisində Borsunlu kəndindəki əkin sahəsinə düşüb.