Bu gün saat 11.00-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb. İclasda noyabrın 7-də Milli Məclisə keçirilimiş seçkinin nəticələrinin yoxlanılması və təsdiqlənməsi məsələsinə baxılır. İclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb, hazırda müzakirələr gedir. Xatırladaq ki, parlament seçkiləri nəticəsində majoritar sistem üzrə 125 seçki dairəsindən bütün qaliblər məlumdur. Mərkəzi Seçki Komissiyasının yekun protokoluna görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri Milli Məclisdə 71, bitərəf namizədlər 42 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi və Sosial Rifah (hər biri 1 mandat) partiyaları bölüşüb.