Üç məntəqədə noyabrın 7-də Milli Məclisə keçirilən seçki üzrə səsvermənin nəticələrini ləğv edilib. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, 3 seçki məntəqəsinin nəticələri müvafiq dairələr tərəfindən etibarsız hesab edilib. ?Seçkilər? İnformasiya Mərkəzinin məlumatına görə, ləğv olunan məntəqələr 51 saylı Qusar, 72 saylı Yardımlı-Masallı, 78 saylı Lerik seçki dairəsindəndir. Bu gün səhər saat 10:00-dan bütün seçki dairələrinin seçki məntəqələri üzrə məlumatlar MSK-nın saytına yerləşdirilib. 5314 məntəqədən 5311-nin protokollarındakı məlumatlar sayta qoyulub. Artıq dairə seçki komissiyalarının (DSK) yekun protokolları MSK-ya təqdim edilməyə başlanıb. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK səsvermə günündən 20 gün keçənədək DSK-ların protokollarını (məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.