Bakıda Heydər Əliyev Mrəkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə möhtəşəm konsert keçirilib.
Tədbirdə Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə iştirak edib.
Mia.az xəbər verir k, tədbirdə Prezident İlham Əliyev çıxış edib:
"Əziz dostlar, hamınızı ürəkdən salamlayıram. Sizə və bütün Azərbaycan xalqına mənə yenidən göstərilən böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi çox vacib rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.
Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi.
Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmayıb. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət, daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Bizi bu yoldan heç bir kənar qüvvə döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkə, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər.
Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək”.