Xəbər verdiyimiz kimi, bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər. 

Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, məsələdən xəbərdar olan nazir Oqtay Şirəliyev döyülmə ilə bağlı məlumatı saytdan çıxartdırmaq istəyib.

Belə ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-un baş redaktoru Asəf Rzayevlə əlaqə saxlayıb: "Xahiş edirik, hadisəni ictimailəşdirməyin! Nazir məsələdən xəbərdardır. Hadisəni törədənlər müəyyənləşdirilərək cəzalandırılacaq”.


Onu da qeyd edək ki, döyülən F.Fərhadoğlu başına gələn xoşagəlməz hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Bundan sonra hüquq-muhafizə orqanları məsələyə cəld reaksiya verib.

Döyülən jurnalist hadisənin baş verdiyi ərazi üzrə Yasamal rayon 28-ci Polis Bölməsinə izahat vermək üçün çağrılıb.