Bu günlərdə millət vəkili Musa Quliyev əlilliyi olan şəxslər üçün xüsusi iş yerlərinin yaradılması təklifi ilə çıxış edib. Deputat diqqətə çatıdırb ki, sahibkarlar I qrup əlillər üçün xüsusi iş yerləri yaratmalıdırlar.

1-ci qrup əlil övladı olaraq bu insanların hansı problemlərlə üzləşdiyinin canlı şahidi kimi deputatın qaldırdığı məsələ barədə fikirlərimi bölüşmək istərdim.

Adətən ölkədə qanunlar yaradılarkən dünya təcrübəsinə istinad edilir. Elə bu səbəbdən əlilliyi olan şəxslərə yaradılan şəraitlə bağlı Avropa təcrübəsinə istinad etmək daha məqsədəuyğun olardı. Dünyanın, xüsusilə Avropanın inkişaf etmiş ölkələrində əlilliyi olan şəxslər cəmiyyətin digər üzvlərindən fərqləndirilərək xüsusi iş yerləri ilə təmin edilmir. Əksinə, onlar üçün elə şərait yaradılır ki, əlilliyi olan insanlar özlərini cəmiyyətin digər üzvlərindən ayırmasınlar.

Azərbaycan qanunverciliyində də əlilliyi olan şəxslərin işə qəbulu ilə bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri (ASAN xidmət istisnadır) əlilliyi olan şəxsləri işə qəbul etməyi, onların qayğısına qalmağı özlərinə əlavə yük hesab edirlər. Acı da olsa, bu həqiqətdir.

Tutaq ki, əlilliyi olan şəxsi dövlət qurumu və özəl şirkət işə qəbul etdi. Bizim ictimai nəqliyyatımızın və yol infrastrukturumuzun vəziyyəti imkan verirmi ki, 1-ci qrup əlilliyi olan şəxs araba vasitəsi ilə metrodan və marşrutdan istifadə edə bilsin? Əlbəttə ki, yox. Çünki yol infrastrukturu və metro stansiyaları inşa edilərkən təəssüflər olsun ki, milyonlar bahalı mərmərlərə və digər vizual görüntü yaradan materiallara xərclənir. Hansı metro stansiyasından yaşlı, əlilliyi olan insanın rahat şəkildə istifadə edə bilməsi və mənzil başına çatması üçün lift quraşdırılıb? Yol kənarında qoyulan bardurlar əlilliyi olan şəxslər üçün nəzərdə tutualn arabaların hərəkətinə imkan verirmi? Lap elə deputatın dediyi kimi, əlilliyi olan şəxsi şirkət rəhbəri işə götürdü. Həmin şəxs işə gəlib getmək üçün hansı nəqliyyatdan istifadə etməlidir? Yoxsa aldığı məvacibi də taksilərə xərcləməlidir?

Bir müddət əvvəl İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov əlilliyi olan şəxslərin ölkədə ictimai nəqliyyatdan istifadə edə bilməmələri ilə bağlı aksiya təşkil etmişdi. Təəssüflər olsun ki, problem hələ də problem olaraq qalmaqdadır.

Son zamanlar bu məsələlərə Bakı Nəqliyyat Agentliyi diqqət ayırır. Ancaq yaxşı olardı ki, digər qurumlar da əlilliyi olan insanların vəziyyətini nəzərə alsın.

Əgər problemi həll etmək istəyiriksə, ona daha geniş prizmadan və müxtəlif perspektivlərdən yanaşmalıyıq.

Almaniyadan xüsusi olaraq Mia.az üçün

Müstəqil jurnalist Həsən Babayev