Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a və Fransaya mesaj göndərib.
Mia.az xəbər verir ki, o, Suriyanın Menbiç şəhərində ABŞ-ın dəstəyi ilə məskunlaşan PYD/PKK terrorçularının oradan dərhal çəkilməsini tələb edib: "Menbiçi tərk edəcəklər. Fransızlar və ingilislər də daxil, bizə söz vermişdilər. Ortada bir güvən problemi var. ABŞ sozünü tutmalıdır. Yoxsa terror qrupu harada bizə təhdid yaradarsa, - buna Menbiç də daxil olmaqla -, qərarlı şəkildə əməliyyatı davam etdirəcəyik. Amerika bizim narahatlığımızı və qərarlığımızı anlamalı və lazımlı addımı atmalıdır".
Çavuşoğlu xatırladıb ki, Amerikanın "Türkiyə sərhədində təhlükəsiz bölgə" yaratmaq təklifinin detallarını Parisdə Tillersondan soruşub: "Orada bir açıqlama verdi, lakin ABŞ-a güvənmirəm. Bu günə qədər verdikləri sözləri tutarlarsa, o zaman texniki məsələləri oturub, danışarıq. Biz bilmək istəyirik: onlar üçün Türkiyənin təhlükəsizliyi, yoxsa YPG/PKK-nı qorumaq vacibdir? Bütün bunları Tillerson gələndə açıq danışacağıq".
Çavuşoğlu Fransa prezidenti Makronun "Afrin əməliyyatı işğala çevrilməməlidir" bəyanatına da toxunub: "Həmişə Fransa ilə terrorla mübarizədə eyni xəttdə olduq. Lakin Afrin əməliyyatı başlayanda mövqeləri gözlənilmədən dəyişdi, məsələni BMT-nin gündəminə gətirmək istədilər. Bir sözlə, biz bütün məsələlərdə səmimiyik, ancaq fransızlar ikiüzlü davranır...".
Mia.az