Samir Əli Hüseyn oğlu  Axundov Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 

Bu barədə Mia.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb. 

Qeyd edək ki, Samir Axundov  1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə "İnformatika” elmi-istehsalat birliyində mühəndis və "Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb.1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin,  "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin,"Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. "Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, "Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib.  Samir Axundov energetika üzrə fəlsəfə doktorudur. 

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə AgentliyiAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.