Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclas keçirilib.
Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını təmin edən elektron sistemin istifadəyə verilməsi olmuşdur. "Elektron hökumət” portalında yaradılaraq 30.05.2017-ci il tarixində istifadəyə verilmiş "Güzəştli mənzil” sistemi vasitəsilə güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qəbuluna başlanılmışdır. Ötən müddət ərzində "Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7500-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilmişdir. "Güzəştli mənzil” sisteminin satış modulunun istifadəyə verilməsi üçün müvafiq texniki işlər artıq başa çatdırılmaqdadır. Hazırda aparılan müvafiq test işləri tamamlandıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq.
Bununla yanaşı, Agentliyin növbəti Hövsan Yaşayış Kompleksi layihəsinin də reallaşdırılmasına 2017-ci ildə start verilib. Belə ki, 24.12.2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə inşa olunacaq və 3002 ailəni yeni mənzil ilə təmin edə biləcək Hövsan Yaşayış Kompleksinin ərazisində xəstəxana, məktəb, uşaq bağçaları, ticarət mərkəzi və digər sosial-məişət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Agentliyin mənzil təminatı üzrə layihələrinin reallaşdrılması zamanı gələcək sakinlərin rahatlığını təmin etmək üçün müvafiq standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Hesabat dövrü ərzində Bakı Nəqliyyat Agentliyi ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində piyadaların, ictimai və fərdi nəqliyyatın hərəkətinin təşkili layihəsinin hazırlanması təmin olunmuş və icrasına başlanılmışdır. Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.