Nazirlər Kabineti yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısını təsdiqləyib.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərarda əsasən, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 25 aprel tarixli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyekt-lərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısı" təsdiq edilib.
Siyahıya 19 yerləşmə vasitəsi növü daxil edilib. Bura mehmanxanalar və motellər, sanatoriyalar, pansionatlar, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinqlər, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binalarda mənzillər (otaqlar), hostellər, dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri daxildir.