"Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar".
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bunu amerikalı həmsədr Endryu Şofer bəyan edib.
 
"Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”, - deyə E.Şofer qeyd edib.
 
Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiqdir: "ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.