Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarına əsasən "Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

Palatadan Mia.az-a verilən məlumata görə, bu barədə qərar "Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib. 06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş "Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.

Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə "Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, "Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və "İnteqral” Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.