Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada Hicri-Qəməri təqvimi ilə 1431-ci ilin Ramazan ayının başlanğıcının avqustun 11-ə təsadüf etdiyi qeyd olunur. 10 avqust ? orucluğun niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə sentyabrın 9-na və ya 10-a təsadüf edəcək. Fətvada o da bildirilir ki, QMİ hər il olduğu kimi, bu il də Ramazan orucunu tutan qardaş və bacılarımıza kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Müsəlmanlara oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan və təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika rəsədxanası ilə birgə hazırlanmış, elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. QMİ-nin təsdiqlədiyi cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, imamlara həvalə olunur. Həmçinin, Azərbaycan ictimaiyyətinə geniş formada çatdırılması məqsədilə Kütləvi İnformasiya Vasitələrinə tövsiyə olunur.