Azərbaycan Prezidenti İlham Əliyev tanınmış professor Siddiqə Rza qızı Məmmədovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, nekroloqda deyilir:
Azərbaycanın
elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli bioloq alim,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və
Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri
doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də
ömrünün 93-cü ilində vəfat edib.
Qeyd
edək ki, Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub. Orta
məktəbi bitirdikdən sonra o, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı
Texnikumunda oxuyub, 1943–1947-ci illərdə isə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil almışdır.
Siddiqə Məmmədova 1948–1951-ci illərdə həmin institutun aspirantı olub.
Əmək
fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda başlayan Siddiqə Məmmədova 1963-cü ilədək burada assistent
və dosent vəzifələrini tutub. O, 1963-cü ildə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi
Tədqiqat İnstitutunun direktoru təyin edilib və ömrünün sonunadək həmin
vəzifədə çalışıb.
Siddiqə
Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə
biologiya elmləri doktoru elmi dərəcələrini alıb. O, entomologiya
ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,
2001-ci ildə isə həqiqi üzvü seçilib.
Akademik
Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində
uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları
ilə tanınıb və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına
töhfələr verib. Siddiqə xanım əsərlərində bitkilərin mühafizəsində
ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də
kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə
üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb.
Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar
elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək
göstərib.
Siddiqə
Məmmədova zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla
əlaqələndirib. O, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda
yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf edib.
Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişdirilib.
Siddiqə
Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik
araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3
monoqrafiya və 5 tədris vəsaitində əksini tapıb. Müxtəlif ixtiralara
görə aldığı 10-dan artıq patent alimin gərgin əməyinin bəhrəsidir.
Siddiqə Məmmədova iştirakçısı olduğu mötəbər elmi konfrans və
simpoziumlardakı əhatəli çıxışları ilə Azərbaycan elmini layiqincə
təmsil edib.
Siddiqə
Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur. O, sakini
olduğu Gəncə şəhərinin sosial həyatında həmişə yaxından iştirak edərək,
öz prinsipiallığı və obyektivliyi ilə nüfuz qazanmışdır. Siddiqə xanım
bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı
seçilib.
Siddiqə
Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək
qiymətləndirilib. Alim bir sıra orden və medallarla təltif edilmiş,
müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən "Şöhrət” və
"Şərəf” ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu”na layiq görülüb.
Görkəmli
alim və tanınmış pedaqoq, səmimi insan Siddiqə Rza qızı Məmmədovanın
əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Akif Əlizadə
Heydər Əsədov
Mikayıl Cabbarov
Dilqəm Tağıyev
Əhliman Əmiraslanov
Məmməd Salmanov
Məhərrəm Babayev
Qərib Məmmədov
Urxan Ələkbərov
İbrahim Cəfərov
Elmar Vəliyev