Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı,
general-leytenant Mədət Quliyev DTX-nın hərbi hissəsində gənc əsgərlərin
Vətənə sədaqət andı içmələrinə həsr olunan təntənəli mərasimdə iştirak
edib.
DTX-nın İctimai əlaqələr şöbəsindən Mia.az-a
verilən məlumata görə, tədbirdə DTX-nin rəhbər işçiləri, təhlükəsizlik
orqanlarının veteranları və əsgər valideynləri də iştirak ediblər.
Əvvəlcə
general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli
lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə
əklil qoyublar.
Döyüş Bayrağı
hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu Öndər Heydər
Əliyevin və Azərbaycan uğrunda mübarizədə canlarından keçən qəhrəman
Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad
olunub. Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Ali
Baş Komandan İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin
şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və
əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli
xidmətlərində uğurlar diləyib.
General-leytenant
Mədət Quliyev qeyd edib ki, dünyada, eləcə də regionda baş verən
hadisələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir,
sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da
güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır.
Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.
Qarşıda
ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu
qeyd edən general-leytenant Mədət Quliyev, bu məsələdə hər bir
Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən
vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə
çatdırıb.
Sonra DTX-nin hərbi
qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli
surətdə tribuna önündən keçiblər. Xatirə şəkli çəkdirilib.
Andiçmə
mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.