İyulun 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs ilə görüşüb. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə MSK sədri Məzahir Pənahov komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığından məmnunluğunu ifadə edib. Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq etdiyini xatırladaraq, bundan qürur duyduqlarını bildirib. O, qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edərək, MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçirdiyi tədbirlərlə maraqlanıb. Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirib. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Milli Demokratiya İnstitutu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.