Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatıb.İlham Əliyev Ukraynaya 6 MDB ölkəsi dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün getmişdi. Ukrayna, Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan və Ermənistan prezidentlərinin iştirak etdiyi görüş Yaltada keçirilib. Ukrayna Prezidenti Viktor Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələr həyata keçirilməsini təklif edib. Bundan başqa , görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanması və üzv ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılması ilə bağlı razılıq əldə olunub. Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Bu gün Bakıya qayıdan Azərbaycan Prezidenti İlham Əliyevi Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.