Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2009-cu il büdcəsinin icrası, Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb. Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2009-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2009-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul edib. Müşahidə Şurası təqdim olunmuş Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara alıb. Baş Nazir Artur Rasi-zadə 2010-cu il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.