ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili Donald Lu ötən gün Bakını tərk edib. Səfirlikdən Turan-a verilən məlumata görə, o, Hindistanda müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib. Onun yerinə Adam Stirlinq təyin olunub. O, ötən həftə işə başlayıb. Mənbənin məlumatına görə, Strilinq yeni səfir gələnə kimi müvəqqəti işlər vəkili olacaq. Bundan əvvəl Stirlinq Dövlət Departamenti strukturunda, Ağ Evdə və Milli Təhlükəsizlik Şurasında Mərkəzi və Şərqi Avropa məsələləri üzrə direktor kimi xidmət göstərib. O, həmçinin ABŞ-ın İsrail, Qazaxıstan, Belçika və Perudakı səfirliklərində çalışıb. Adam Stirlinq Harvard Universitetinin Con Kennedi adına məktəbinin məzunudur. Azərbaycan, fransız, ispan və rus dilərini bilir. Əslən Nyu-Yorkdandır. Xanımı Virl Kyane əslən Belçikadandır və səhiyyə sahəsində mütəxəssisdir. Onların 12 yaşlı Elka adlı qızı, 9 yaşlı Bram adlı oğlu var.