Prezident İlham Əliyev iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsmiş, binada yaradılmış şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Prezident binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da vardır. Dövlət başçısı tədbirdə çıxış edib.