Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.

Onunla bərabər, kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb. Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı qeyri-qanuni əməliyyat keçiriblər.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 Yanvar - Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"a açıqlamasında bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. O qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

Belə ki, "İntizam Nizamnaməsi"nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.