ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: atif.islamzade@mail.ru
****
Azərbaycan toponiminin öyrənilməsi sahəsində aparılan etimoloji araşdırmalar cild-cild əsərlərin meydana çıxmasına səbəb olub.
Tarixi-filoloji və etimoloji tədqiqatlarda aparıcı xətt təəssüf ki, "Azərbaycan” adının mənşəcə fars sözündən törəmə olduğunu kütləvi-ictimai şüurda sabitləşdirmişdir. Əlbəttə, Azərbaycan toponiminin müxtəlif şəkillənmələri elmi ədəbiyyatda çox yayğındır.
Tədqiqatçı alimlər hələ də isbat edə bilmirlər ki, Kiçik Midiya və yaxud Midiya-Atropaten dövlət təşkilatının hökmdarının adı olan Atropat ismi hansı dil qanunları əsasında Atropatdan Azərbaycana dönmüşdür? Yalnız təqdim edilən elmi bilgi deyil, yalançı etimologiyanın əsas silahı olan söz oyunu bu dəyişməni Atropatendən Azərbaycana qədər gətirmək üçün Azərbaycan sözünün ərəblər tərəfindən deyilişini əsas göstərmişlər.
Bu barədə 1950-ci illərin sonu, 1960-cı illərin əvvəlində nəşr edilmiş III cildlik "Azərbaycan tarxi”nin I cildində oxuyuruq ki, "Atropaten Azərbaycan adının elmə məlum olan adlarından ən qədimidir. Bu ad yunan mənbələrində göstərilmişdir. Sonralar onun şəkli dəyişərək iranlılarda Adərbadaqan, ermənilərdə Atərpataqan və Atrapataqan, ərəblərdə Adərbaycan və Azərbaycan formalarını almışdır. Həmin sözlər "Odlar ölkəsi” deməkdir”.
Ümumiyyətlə uzun illərin tarixşünaslığında Azərbaycan toponiminin izahı bu istiqamətdə aparılmışdır.
Müəlliflər məhz bu sözlərin bu kimi şəkil dəyişmələrinin nə lnqvistik, nə tarixi, nə də etnoqrafik baxımdan əsaslandırmağın mümkün olmamasını bildikləri üçün ərəblərin Azərbaycan adlandırdıqları məkanı atəşpərəstliklə və od sözü ilə bağlayaraq məntiqi yekun yaratmağa çalışmışlar. Halbuki, bununla da aydın olmur ki, nə üçün ərəblər gördükləri və yaxud adını eşitdikləri məkanı öz dillərində işlənən, od mənası verən "nar” və s. kimi sözlərlə deyil, eyni mənalı fars sözü olan "azər” sözü ilə adlandırmışlar. Sanki ərəblər öz dillərində yox, fars dilində danışmağı daha çox sevirmişlər. Eyni zamanda o da aydın olmur ki, Makedoniyalı İsgəndərlə işbirliyi içində olan Atropatın atəşpərəstliklə necə əlaqəsi ola bilərdi. Axı tarixçilərin yazdığına görə Makedoniyalı İskəndər on iki min inək dərisi üzərində yazılan "Avesta” əsərini özü yandırmışdı və atəşə sitayiş edənlərin aşkar düşməni idi.
Biz cüzi məntiqi müddəalar irəli sürdükcə aydın olur ki, Azərbaycan adının fars sözü ilə bağlanması siyasi sifariş nəticəsində meydana çıxmışdır. Bu adın bu şəkildə izahı siyasi-ideoloji baxışların məqsədyönlü kompaniyası kimi elmi-kütləvi ədəbiyyata gətirilmişdir. Azərbaycan sözünü fars sözü kimi izah etməklə Azərbaycan ərazisində yaşayan türklərin Türkiyədən təcrid olunub İrana bağlanması və fars mənşəli olmasını əsaslandırmaq cəhdi kimi meydana gəlmişdir.
Çünki Rusiyanın apardığı siyasətin kökündə Azərbaycanın Türkiyəyə və başqa türk xalqlarına bağlılığının qarşısını almaq niyyətləri artıq hər kəsə bəllidir. Elə buna görə də Azərbaycan toponiminin mənasını dəqiqliklə ifadə edən mənbələrdən deyil, fars, ərəb, yunan, hətta erməni mənbələrindən istifadə olunmuşdur. Biz axı nə üçün özümüzün adını özümüzdən deyil, başqalarından öyrənməliyik? Əgər türkdilli qaynaqlara müraciət olunsaydı biz bütün dövrlərdə Azərbaycan adının düzgün izahı ilə rastlaşmış olardıq. Hətta türk düşüncəsini ifadə edən fars dilində yazılan əsərləri də etimoloji tədqiqatlara cəlb etmək istəməmişlər.
Bu mənbələrdən biri tariximizdə, folklor və ədəbiyyatımızda, ümumtürk mədəniyyətində əvəzsiz yeri olan, XIII-XIV əsrlərdə Elxani hökmdarlarının vəziri və tarixçisi F.Rəşidəddinin yazdığı "Cəmi ət-təvarix” (tarixlər toplusu) əsərindən çıxarılmış oğuznamədir. Hətta XIII əsr də demək olar. Çünki XIV əsrin yalnız birinci onilliyi buraya daxildir. Bu əsərdə göstərilir ki, Oğuz xan Allah inancını missiya olaraq yayır və bu yolda qəzavat və fütuhatı ilə cahan dövləti qurur.
Oğuz xanın gəldiyi məkanlardan biri də məhz Azərbaycandır.
Rəşidəddin "oğuznamə”sindən oxuyuruq:
"Onlar Azərbaycan vilayətini də tutdular. (Oğuz) öz xüsusi atlarını (yem üçün) Ucanın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü.Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular”.
F.Rəşidəddin Azərbaycan adının hansı tarixi şəraitdə yaranmasını izah etməklə qalmır, daha sonra Azərbaycan toponimini bu şəkildə izah edir: "Azər” türkcə uca deməkdir, "bayqan” varlıların, böyüklərin yeri mənasını verir". (Bu ölkə belə adla tanındı və elə buna görə də bu gün Azərbaycan adlanır)” (Rəşidəddin F. Oğuznamə / Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürova. Bakı: Azərbaycan Dövlət NPB, 1992, 72 s. göstərilən mətn s.22)
Onu da qeyd edək ki, bu əsərin fars dilinə daha əvvəlki türkdilli orijinaldan alınıb tərcümə olunması da ehtimal olunur. Ancaq fars dilində olan, lakin türk xaqanından və onun soyundan, türk toplumundan bəhs edən bu əsərə qaynaq kimi yanaşmaq istəməmişlər. Çünki bu qaynaq Azərbaycan adının mənasına daha düzgün izah verir və bu ərazinin türk ərazisi olduğunu tarixi detallarla təsdiq edir.
Məlumdur ki, Azərbaycan ərazisindəki türklər türk dillərinin qrup bölgüsünə görə oğuz türklərinə aid edilir. Bu barədə saysız-hesabsız qaynaqlar vardır. Elə burada da məhz Oğuz xanın bu ərazini Azərbaycan adlandırması daha real görünür. Çünki biz Oğuz soyunu yalnız dil baxımından deyil, həmçinin soy baxımından da ifadə edirik. Bunu bilmək üçün Azərbaycan ərazisində əcdadı Oğuz xan və onun nəvələriin adı ilə mövcud olan bir çox yer və soy adları mövcuddur. Oğuz, Bayat, Bəydili, Əfşar və s. toponim və etnonimlər buna misaldır. Soy yaddaşı, qan yaddaşı min illərlə bu adları türk ərazisində işlək dil faktoru olaraq leksikonumuzda saxlamışdır.
Azərbaycan adının qədim türk dilində, Oğuz dövründə uca mənasını verən "azər” sözü ilə bağlılığı həm də o baxımdan məntiqli görünür ki, burada həm azər adı, həm də "bayqan” sözü aydınlıqla izah olunur. Ancaq ərəblərin guya fars dilində işlətdikləri və s. mənbələrdə olan Azərbaycan adının izahında "azər” sözü od mənasında açıqlansa da, "baycan” sözünün nə anlama gəldiyinə dair heç nə deyilməmişdir.
Elə bu da məhz bu adın düzgün izah olunmasında şübhə yaradır. Daha doğrusu bunun siyasi sifariş olduğu, nəyin bahasına olursa olsun, Azərbaycan adını türklərdən alıb, farslara bağlamaq cəhdi bütün çılpaqlığıyla ifşa olunur. Hətta türklərlə tarixi ədavəti uzun əsrlərə söykənən fars, yunan, erməni dillərindən Azərbaycan adının alınması yeganə qaynaq kimi göstərilir ki, bu da məkrli siyasətin türk xalqına qarşı aparılan şovinist mahiyyətini ortya qoyur.
Təəssüf ki, bu uyğunsuzluq illərlə kütləvi təbliğat yolu ilə toplumun şüruna yerləşdirilmişdir. Halbuki ortada türk adını izah edən türk xaqanının gonkret tarixi mənqəbəsi vardır.
Təsəvvür edin ki, ortada konkret qaynaq belə olduğu halda öz ismimizin türk olduğumuza baxmayaraq başqa dillərdən alınması nə qədər məntiqsiz görünür.
Elə buna görə də yekun nəticəyə gəlməliyik ki, Azərbaycan toponimi fars istilahı deyil, qədim türk sözlüyüdür.