Fövqəladə Hallar Nazirliyi (FHN) Sarısı gölünün daşması nəticəsində yaranan olan təhlükəli vəziyyətlə bağlı açıqlama yayıb. FHN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bəndin yuyulması nəticəsində təhlükəli vəziyyətə düşmüş Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərinin və yaxınlıqdakı məcburi köçkün şəhərciyinin əhalisi təxliyə edilib. Mayın 24-dən 25-ə keçən gecə ərzində qeyd edilən kəndlərdə suyun səviyyəsinin artması səbəbindən təxliyədən imtina etmiş şəxslər təhlükə ilə üzləşib. Gecə və səhər saatlarında FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və nazirliyin Aviasiya dəstəsinin vertolyotları vasitəsilə, ümumilikdə 33 nəfəri xilas edib. Hazırda hadisə yerində xilasetmə işləri, həmçinin, dağılmış bəndin bərpası istiqamətində müvafiq işlər davam etdirilir.