Seymur VERDİZADƏ
Əhməd müəllim yaxın qohumumuz olduğu üçün get-gəlimiz, sıx əlaqəmiz var.
Köhnə kişilərin təbirincə desək, uşaqları gözümün qabağında böyüyüb. Böyük-kiçik yeri bilən, valideynlərinin üzünü ağ edən övladlardır. Allah xətadan-bəladan qorusun!
Əhməd müəllimin "yaralı yeri” övladlarına yaxşı təhsil verə bilməməsidir. Hər dəfə bu barədə söhbət düşəndə çiynini çəkib, belə deyir: "Məndə günah yoxdur, uşaqlar oxumadılar”. Mən də o fikirdəyəm ki, uşağın özündə oxumağa həvəs olmalıdır. Heç kimi döyə-döyə alim etmək olmaz.
Qısa aradan sonra dünən şəhərdə Əhməd müəllimlə yenə qarşılaşdıq. Hal-əhval tutandan sonra uşaqları soruşdum. Dedi ki, qızı yol üstdədir, martda toyu olacaq. Gənc qızımıza Uca Tanrıdan xoşbəxtlik diləyib, 11-ci sinifdə oxuyan oğlu Tərxanı xəbər aldım. Cavabı belə oldu: "Oğlanın işi Allaha qalıb”.
Tərxanın hələ aşağı siniflərdə oxuyarkən kitabdan üz döndərdiyini bilirdim. Atasının tətbiq etdiyi heç bir metod kara gəlməmişdi. O vaxt Əhməd müəllimə məsləhət görmüşdüm ki, böyüyəndə uşağı usta yanına qoysun. Demişdim ki, yaxşı sənətkar olsa, özünü də dolandıracaq, sizi də. Oxumaq istəməyən gəncləri sənət öyrənməyə həvəsləndirmək üçün sonralar bu mövzuda bir neçə məqalə yazmışdım. İndi də o fikirdəyəm ki, yaxşı dülgər, yaxşı maşın ustası, yaxşı bənna mənim kimi ortabab jurnalistdən ayda 3 dəfə çox pul qazanır...
Son illər oğlan uşaqları arasında sənət öyrənməyə maraq xeyli azalıb. Məncə, bu vəziyyətin yaranmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür.
Məsələn, dünən Əhməd müəllimdən Tərxanı niyə usta yanına qoymadığını soruşanda, cavabı belə oldu: "Zəifdir, qıymıram”.
Dilimin ucuna qədər gəlmiş sözləri geri qaytara bilmədim: "Saatın əqrəblərini fırlatmağa, iynə tutmağa, saç kəsməyə də gücü çatmır? Demirəm ki, daş yonsun, polad əritsin. Heç olmasa, saatsaz, dərzi, bərbər işləsin”.
Heç kim inciməsin, bəzi valideynlər aşırı qayğı göstərməklə oğlanlarının qız kimi böyüməsinə səbəb olurlar. Ata gecə-gündüz qazanır, ana isə yedirəndən sonra üstünü bərk-bərk basdırır ki, soyuq dəyməsin. Bir də baxırlar ki, oğlanları evlənmək yaşına çatıb, amma əlində nə diplomu var, nə də bir sənət bilir. Sonra da düşürlər qohum-qardaşın ayağına ki, uşağa bir iş düzəlt...
Həmkarlarım bilir, müxtəlif sahələrdə çalışan çoxlu sayda dost-tanışım var. Üç gün əvvəl bir restoran müdiri ilə şam edəndə dedi ki, aşpaza ayda 1100, kababçıya isə 1200 manat maaş verir. Eşitdiyimə görə, prestijli restoranlarda maaş daha da yüksəkdir. Demək istədiyim odur ki, ev tikməyi, parket vurmağı öyrənmək istəmirsinizsə, heç olmasa, kabab bişirməyi öyrənin...
Özümü çoxbilmiş adam saysam da, bəzən nə baş verdiyini anlamağa çətinlik çəkirəm. Məsələn, beş dəfə müayinədən, üç dəfə abortdan sonra oğlan uşaqlarına sahib olan valideynlərin onları qız kimi böyütməsinin səbəbini heç cür başa düşə bilmirəm.
Oxumaq, ali təhsil almaq istəyən gənclər isə peşə seçimində diqqətli olmalıdırlar. Kənd Təsərrüfatı Nazirliyində çalışan tanışım deyir ki, fermerlər yaxşı feldşerə ayda 2 min manat maaş verirlər. Hazırda bu sahədə ciddi boşluq var.
Məncə, can həkimi olub taksi sürməkdənsə, mal həkimi olub ayda 2 min manat qazanmaq daha yaxşıdır...