Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova və komitə sədrinin müavini Fəttah Heydərov ATƏT-in ?Avrasiya ölçüsü? mövzusunda Trans-Asiya Parlament Forumunda iştirak etmək üçün mayın 12-dən 16-dək Qazaxıstana səfər edəcəklər. Almatı şəhərində keçirilən tədbirdə Əfqanıstanda təhlükəsizlik, siyasi inkişaf, terrorizmlə mübarizə, Avrasiya məkanında iqtisadi münasibətlər, əmək miqrasiyası, təbii sərvətlərin idarə edilməsi, gender problemləri, dini dözümlülük mövzusunda müzakirələr aparılacaq. Nümayəndə heyətimizin üzvləri mövzu ilə bağlı çıxışlar edəcək, müzakirə edilən məsələlərə münasibət bildirəcəklər. Səfər müddətində deputatlarımız qurumun xüsusi sessiyasının işində də iştirak edəcəklər. Burada Qırğızıstandakı böhranın parlament demokratiyasına təsiri barədə fikir mübadiləsi aparılacaq.