Nərmin DADAŞOVA, Qafqazinfo.az

Salam, sevgili xalq, uca millət. Yenə mətləbə keçməzdən əvvəl bir balaca özət verəcəm sizə ölkə gündəmindən. Olar ki, işiniz –gücünüz aşıb-daşar izləyə bilməzsiniz son olayları.

Qulağınıza xeyir xəbər, 15 yaşlı qız bacısının əri ilə qoşulub qaçıb, hə, düz bildiniz, hadisə Cəlilabadda baş verib. Oğlanın anası da deyib ki, çox da səs-küy eləməyin, lazım olsa oğlum arvadını da saxlayar, baldızını da. Hə də, dünya dağılmayıb ki, ha yandan baxsan xeyir işdi, təki qan-qada olmasın. Əgər işin axırı, ana deyən kimi bitsə onda gərək bu gəncə "ilin kürəkəni” titulu verilsin.

Bir müddət əvvəl Şamaxıda şagirdini hamilə qoyan müəllim isə nəhayət cəzalandırılıb. Belə ki o, 5 il altı ay azadlıqdan məhrum edilib.

Bir də, bu vurhavurda Şəkidə bir nəfəri ayı dişləyib. Xarici mətbuatdan isə ən kədərli xəbər Kardaşyanla bağlıdı. Xanımın 20 karatlıq üzüyünü oğurlayıblar.

Atam həmişə nəvələrinə nağılı qısaldıb danışır. Məsələn: Canavar keçiyə dedi ki, hal qəzyə belə-belə… Mən də onun kimi, iki günlük materialı bacardıqca qısa şəkildə diqqətinizə çatdırıb keçirəm əsas mövzuma - bu yazını yazmaq səbəbimə. Daha doğrusu səbəbkarıma.

Gəlin etiraf edək ki, millət olaraq bir balaca sulugözük. Yəni, ağlamağa meyilliyik. İnsan iztirabları, dərd, vəhşət, qırğın-qiyamət –maraq dairəmizdədir həmişə. Yaxşı hadisəni bircə cümlə ilə deyib keçdiyimiz halda hansısa faciəni günlərlə yadımıza salıb ağlayırıq.

Və Azərbaycan telekanalında bunun fərqində olub, bundan necə lazımdı istifadə edən bir xanım var - Xoşqədəm Hidayətqızı.

2011-ci ildən bəri neçə-neçə adamı ağlada-ağlada xəstə salan Xoşqədəm xanımın dünən efirə gedən verilişindən yayılmış fraqmenti görüb bu haqda yazmaq qərarına gəldim.

Düzdü, hadisə ağır idi, ata səkkiz il imiş qızını zəncirləyib bir damda saxlayırmış. Ancaq çayıma düşüb yanıb ölmüş milçək üçün belə ağlamaq iqtidarında olan bəndənizin bu boyda dəhşətli hadisədən dolayı heç tükü də tərpənmədi.

Çünki, süjeti təqdim edən Xoşqədəm xanımın pafosu, göz yaşları və yersiz sualları mənim bütün emosiyalarımı məhv elədi. Otağın bir küncünə sığınıb əlini üzünə tutan, qorxudan tir-tir əsən Pərvanəyə mikrafonu uzadıb soruşur, "Qızım, Pərvanə sən burda qalırsan, burda yatırsan?” və cavabsız suallarının qarşılığında hönkür-hönkür ağlayır.

Çəkiliş prosesini gözümün qabağına gətirəndə əl-ayağımı buz kəsir. Yumulub yumağa dönmüş qızcığaz, kim bilir nələr çəkib çəkiliş prosesində. Kadrın alınması üçün, Xoşqədəm xanım neçə dəfə o balaca taxta qapını açıb içəri girib.

Hələ ən kritik anlarda, həyat yoldaşı Doğuşu studiyaya dəvət edib, ondan məsləhət alması, bəzən məktəbli sevgililər kimi bir-birilərinə efirdə atdıqları replikalar, yaratmağa çalışdığı ideal qadın obrazı, "həqq mənəm, həqq məndədir” ədaları...pafos, pafos, pafos...

Daha çox şouya hesablanmış, insanların hisslərindən, dərdlərindən gündəm yaradan Xoşqədəm xanım gördüyü bunca işlərə rəğmən, mənim üçün heç vaxt qəhrəman ola bilməyib.

Hətta onun mənim üçün, tarixə qovuşduğu günü və verilişi də xatırlayıram. Ağlamağa bəhanə tapmayıb, verlişin ortasında həyat yoldaşının çətin keçmiş uşaqlığından, kədərli həyatından bəhs edən süjeti efirə verdiyi gün. Hələ belə bir şərh də vermişdi. Doğuşu yaxından tanıyaq. Niyə də, ay xanım? Mən heç yazılarımda Şəhriyar haqqında danışıram?!