Seymur VERDİZADƏ
Valeh müəllim sovet dövründə birinci katib, müstəqillik illərində isə icra başçısı işləyib. Dərin savadı, xüsusi qabiliyyəti olmasa da, ömrünün yarısından çoxunu məsul vəzifələrdə keçirib. Əmrə müntəzir adam olduğu üçün çoxları onun ölənə kimi vəzifədə işləyəcəyini düşünürdü. Amma bir gün Valeh müəllimi işdən çıxardılar. Qonşular bu xəbəri televiziyadan eşitsələr də, qulaqlarına inana bilmirdilər...
İşdən çıxıb məhəlləmizdəki təqaüdçülərin cərgəsinə qoşulandan sonra mən Valeh müəllimi tez-tez görürdüm. Hər dəfə qarşılaşanda dərindən ah çəkib, belə deyirdi: "Ayağımın altını öz müavinim qazdı. Gərək, ona inanmayaydım”.
Valeh müəllimə təsəlli vermək üçün söz ehtiyatımı işə salsam da, bunun xeyri olmurdu. Onun çöhrəsi həmişə tutqun olur, məhəllədə ruh kimi dolaşırdı. Kişinin cəmi bir neçə ay ərzində əməlli-başlı arıqladığı qonşuların nəzərindən yayınmadı. Bir gün işdən qayıdanda məhəllə sakinlərinin öz aralarında "simsiz teleqraf” adlandırdıqları Güldəstə arvad qabağımı kəsdi: "Deyirlər ki, Valeh müəllim pis xəstəliyə tutulub”.
Ona məsləhət gördüm ki, şayiələrə inanmasın. Amma yenə əl çəkmədi: "Bəs niyə bu qədər arıqlayıb? Rəngi də kömür kimidi...”.
Qadın xeylağı ilə mübahisəyə həvəsli olmadığım üçün ağlıma gələn ilk versiyanı dedim: "Valeh müəllimi işdən çıxardıqları üçün əldən düşüb. Sabah ona vəzifə versələr, bir-iki aya dımbıl kimi olacaq”.
Ertəsi gün məhəlləmizdə hamı Valeh müəllim üçün qoyduğum "diaqnoz”dan danışırdı. Eşitdiyimi görə, Valeh müəllimin həyat yoldaşı Aybikə müəllimə mənim "diaqnozumla” tanış olandan sonra bərk əl-ayağa düşüb. O, qohum-qardaşı bir araya cəm edərək, iki ayağını bir başmağa dirəyib ki, ərinin müvafiq bir vəzifəyə təyinat alması üçün təcili hərəkətə keçsinlər.
Bu hadisə 2009-cu ilin payızında baş versə də, o vaxt Valeh müəllimlə eyni binada yaşadığımız üçün sonrakı ardıcıllığı dəqiq xatırlayıram. Bir gün eşitdik ki, Valeh müəllim qohumlarının köməyilə nazirliklərin birində şöbə müdiri vəzifəsinə təyinat alıb. Sovet hökuməti dağılandan sonra həmin nazirliyin səlahiyyətləri digər dövlət qurumlarının arasında bölüşdürülsə də, Hökumət Evində yerləşən bir idarədə işə düzəlməsi kişinin həyatında müsbət dönüş yaratdı. Tezliklə qəddi düzəldi, sifətinin rəngi dəyişdi, çənəsinin altında yumruq boyda piy düyünləndi. Maraqlısı isə o idi ki, çəkisi ilə birlikdə çevikliyi də artmışdı. Onlar təzə mənzilə köçməmişdən üç-dörd gün əvvəl biz axırıncı dəfə qarşılaşanda yanımdan o qədər sürətlə keçmişdi ki, salam verməyə macal tapmamışdım...
...Tələbə dostum Çingiz Bayramovla birlikdə üç gün əvvəl Fəvvarələr Meydanında gəzəndə Valeh müəllimin bacısı oğlu Şəmşirlə qarşılaşdıq. Hal-əhval tutandan sonra dayısını xəbər aldım. Şəmşir təəccüblə üzümə baxıb, belə dedi: "Dayım iki ay əvvəl dünyasını dəyişib”.
Şəmşirə başsağlığı verəndən sonra Valeh müəllimin hansı xəstəlikdən vəfat etdiyini soruşdum. Cavabı belə oldu: "Yaxşı idi. Yetmiş yaşı tamam olduğu üçün iki ay əvvəl işdən çıxardılar. Ürəyi tab gətirmədi...”.
Yadıma 7 il əvvəlki söhbət düşdü. O vaxt qonşular danışırdılar ki, Valeh müəllim pis xəstəliyə tutulub, bu gün-sabah öləcək. Amma "pis xəstəliyə” tutulan bu adam nazirlikdə işə düzələndən sonra 7 il yaşadı. Kim bilir, bəlkə işdən çıxarmasaydılar, bundan sonra ən azı 7 il də yaşayacaqdı...
Elə adamlar var ki, onların ömrü tutduqları vəzifənin ömrü qədərdi. Buna görə də vəzifədən ikiəlli yapışırlar...