Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni təyinat olub.

Belə ki, nazir Ramin Quluzadənin əmri ilə Zamin Nurəhmədov nazirliyin aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə qədər, daha dəqiqi,  2013-2016-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC-nin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb(APA).

Qeyd edək ki, daha öncə bu vəzifəni sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanov tutub.

Mia.az isə xəbər verir ki, İlham Mərdanovu Ramin Quluzadə yeni deyil, aylar əvvəl tutduğu vəzifədən uzaqlaşdırmışdı. Həmin vaxt Mərdanov mətbuata özünün ərizə yazaraq getdiyini açıqlasa da, bu, cəmiyyətə o qədər də inandırıcı gəlmədi. Ta o zamandan isə yerinə təyinat aparılmamışdı. Nəhayət, Nazir Ramin Quluzadə bu gün sükutu pozaraq, nazirlikdəki aylardır sahibini gözləyən vakant vəzifələrdən birinə təyinatı gerçəkləşdirdi. 

Onu da qeyd edək ki, nazirlikdə hazırda Əli Abdullayevin nazirin 1-cü müavini təyinatından sonra aparat rəhbəri postu, o cümlədən nazirin müşaviri və digər bir neçə şöbə müdiri vəzifələri də vakantdır.

Mia.az