Rövşən AĞAYEV, İqtisadçı
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə kənd təsərrüfatına yararlı torpaqların istifadəsi ilə bağlı bəzi məlumatlar açıqlayıb.
Məlum olub ki, ölkə üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə edilmir.
Komitənin yaydığı məlumatlardan aydın olur ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb.
Məlumat üçün deyim ki, hələ 2008-2009-cu illərdə bir qrup ekspertlə torpaqların hərrac və müsabiqələr vasitəilə istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə bağlı regionlarda monitorinq apardıq. Bələdiyyə torpaqları üçün oz zamankı Torpaq Komitəsinin təşkil etdiyi hərrac və müsabiqələrin tamamilə formal olduğu, torpaqları əvvəlcədən müəyyən etdikləri şəxslərə ötürüldüyü aşkar bilinirdi.
O da məlum oldu ki, dövlət torpaqları ilə bağlı ümumiyyətlə hərrac və müsabiqələr keçirilimir. Baxmayaraq ki, qanunvericlik dövlət torpaqlarının da məhz hərrac və müsabiqələr vasitəsilə verilməsini tələb edir. Sözün əsl mənasında, bu, özbaşınalıqdır.
Dəfələrlə təklif etdik ki, bu məsələdə şəffaf siyahılar olsun, bütün bələdiyyələrin və icra hakimiyyətlərinin qarşısında ictimai torpaqların kimlərə, hansı müddətə verildiyi, hər hektarın icarə haqqı göstərilməklə xüsusi lövhələrdə asılsın.
Bələdiyyələrdən fərqli olaraq, icra hakimiyyətlərinin saytı da var, hətta dövlət torpaqları ilə bağlı məlumatları orda da təfsilatlı yerləşdirmək olar. Amma bu təklif 3.5 milyon hektar kənd təsərrüfatına yararlı dövlət və bələdiyyə torpaqlarını şəxsi mülkiyyəti kimi istifadə edən bir ovuc səlahiyyət sahibinə sərf etmir.
Komitə açıqlayıb ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində 1.2 mln. hektar torpaq sahəsi var. Söhbət, əlbəttə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqdan gedir. Bir daha diqqət edin: 20 min insan 1.2 milyon ha torpağı əlində cəmləyib.
Amma 800 mindən artıq xırda və orta özəl mülkiyyətçinin əlində cəmi 1.4 milyon torpaq var.
Öz araşdırmalarım əsasında deyə bilərəm ki, ömrünü torpağa bağlamış fermerlər əllərindəki 1-2 ha torpaqdan savayı heç nəyə sahib deyillər. Onlar istəsələr də, dövlət və bələdiyyə mülkiyyətində olan 3.5 milyon ha torpaq fondundan istifadə üçün torpaq götürsünlər, bu, çox müşkül məsələdi. Səbəb həmin torpaqlar üzərində icra başçılarının hakimi-mütləq olmasıdır, hərrac və müsabiqələrin keçirilməməsi və ya bu prosesin tamamilə formal olmasıdır.
Çıxış yolu kötək və dəyənək deyil, islahatlardır. Ölkədə əks mərkəzləşmə islahatlarına start verilməli, rayon və kəndlərdə əsas idarəetmə 1 şəxsin qarşısında məsuliyyət daşıyan təyinatlı qurumların deyil, bir kəndin, 1 rayonun icması qarşısında hesabat verən seçkili institutların əlində olmalıdır.